Xəbərlər
"Səssiz addımların qəhrəmanı"

Fevralın 28-də Şəki şəhərində şəhid mayor Aqşin Abdullayevin xatirəsinə həsr olunan “Səssiz addımların qəhrəmanı” adlı anım tədbiri təşkil olunub.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” şəhər Folklor evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP Şəki şəhər təşkilatının, Şəki-Zaqatala Regional Təhsil və Mədəniyyət idarələrinin məsul şəxsləri, Mədəniyyət,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədrləri,şəhid ailələrinin üzvləri, qazilər, dövlət qurumlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbçilər iştirak ediblər.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid mayor Aqşin Abdullayevin şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açıb, onun Vətənə, torpağa bağlılığından, dövlətə sadiqliyindən bəhs ediblər.
Tədbirdə çıxış edən ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva şəhid Aqşin Abdullayevin anası Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin "Əməkdar Müəllim"i Dursun Cavadovaya "Azadlığa çıxmış Xarı bülbül"hədiyyəsi və gül buketi təqdim edib.
Tədbir zamanı şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın, şəhər 5 və 11 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib, ədəbi-bədii kompozisiyalar, rəqslər təqdim edilib
Tədbirdən sonra iştirakçılar Kiş kənd məzarlığında uyuyan şəhid mayor Aqşin Abdullayevin məzarını ziyarət ediblər

























