Xəbərlər
Şirin Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Şirin Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir təşkil olunub. Tədbir məktəbin həmkarlar təşkilatının sədri Məmmədov Mehdi müəllimin təşəbbüsü ilə, texniki işçi Adilov Şaban Qənbər oğlunun 65 yaş həddi münasibətilə keçirilib.
Tədbirdə ETİHİ Ağcabədi Rayon Komitəsinin sədri yeni tədris ilinə hazırlıq, həmkarlar təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Çıxış zamanı həmkarlar ittifaqı üzvlərinə 19 yanvar–31 mart 2026-cı il tarixləri arasında müalicə və sağlamlıq mərkəzlərinə yollayışların güzəştli şərtlərlə təqdim olunacağı diqqətə çatdırılıb. Yollayışların dəyərinin 15 faizi ödənilməklə, ümumi məbləğ üzrə 10 faiz endirim tətbiq olunacağı bildirilib. Bu imkan kollektiv tərəfindən məmnunluqla qarşılanıb, bir sıra müəllimlərin artıq qeydiyyatdan keçdiyi vurğulanıb. Komitə sədri üzvləri maraqlandıran sualları cavablandırıb.
Tədbir zamanı məktəb kollektivi tərəfindən səmimi çıxışlar səsləndirilib, xoş arzular ifadə olunub. Adilov Şaban Qənbər oğlu ona göstərilən diqqət və qayğıya görə kollektivə və həmkarlar ittifaqına minnətdarlığını bildirib.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən Adilov Şaban Qənbər oğluna xatirə hədiyyələri təqdim olunub, ona möhkəm can sağlığı və mənalı istirahət arzulanıb.








