Xəbərlər
Son Zəng Məzun günü

Son Zəng sevincinə yubiley təbriki də əlavə olundu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi olaraq rayonun təhsil müəssisələrində keçirilən “Son Zəng” tədbirlərində iştirak etdik. Bu münasibətlə Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbində və Qarayazı kənd tam orta məktəbində təşkil olunan tədbirlərdə iştirak edərək məzunların sevincinə şərik olduq.
Tədbirlərdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlərlə birlikdə məzunların həyatında mühüm mərhələ olan bu əlamətdar günü qeyd etdik. Çıxışlar zamanı vurğulandı ki, son zəng məktəb illərinin başa çatmasını ifadə etməklə yanaşı, gənclərin yeni həyat mərhələsinə qədəm qoymasının, gələcək arzularına doğru ilk addımlarını atmasının rəmzidir. Məzunlara gələcək həyatlarında uğurlar, ali təhsil pilləsində yüksək nailiyyətlər və Vətənə layiqli vətəndaş olmaları arzulandı.
Eyni zamanda, bu əlamətdar gündə məktəbin uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, kollektiv arasında böyük hörmət və nüfuz qazanmış həmkarlar ittifaqı üzvünün 65 illik yubileyi də qeyd olundu. Yubilyarı ömür yolunun bu mənalı mərhələsi münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında yeni uğurlar arzuladıq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq təhsil işçilərinin əməyinin dəyərləndirilməsini, onların sosial rifahının yüksəldilməsini və mənəvi cəhətdən dəstəklənməsini daim diqqət mərkəzində saxlayırıq. Həm məzunlarımızın, həm də ömrünü təhsilin inkişafına həsr etmiş müəllimlərimizin uğurları bizim üçün qürur mənbəyidir.
Bütün məzunları həyatlarının yeni mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edir, onlara işıqlı gələcək, yüksək nailiyyətlər və uğurlu həyat yolu arzulayırıq. Yubilyar həmkarımıza isə sağlam, mənalı və xoşbəxt ömür diləyirik.







