Xəbərlər
Sumqayıt Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Sumqayıt Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Tədbiri SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq iştirakçıları salamlayıb və bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Ə.Sadıqov çıxışında qadınların cəmiyyət həyatında, o cümlədən dövlət idarəçiliyində aparıcı mövqeyə malik olduqlarını vurğulayıb. O qeyd edib ki, bu gün qadınlar yalnız humanitar sahələrdə deyil, eyni zamanda texniki ixtisaslarda da fəal şəkildə təmsil olunur və ölkənin inkişafına mühüm töhfə verirlər.
Əminağa Sadıqov çıxışında ananın cəmiyyətdəki rolunun xüsusi əhəmiyyət daşıdığını bildirərək, onun ailənin və mənəvi dəyərlərin qorunmasındakı ali missiyasından danışıb. Ə.Sadıqov Azərbaycan cəmiyyətində qadına göstərilən yüksək hörmət və ehtiramın mühüm milli xüsusiyyət olduğunu qeyd edib.
Çıxış zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən qadınlara göstərilən diqqət və qayğının ölkə üçün mühüm ənənə yaratdığı vurğulanıb, bu siyasətin bu gün də uğurla davam etdirildiyi bildirilib. Əminağa Sadıqov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan ailə modelinin nümunəvi xarakter daşıdığını qeyd edib və qadınlara hər zaman diqqət və qayğı ilə yanaşmağın vacibliyini bildirib.
Tədbirin sonunda universitetin bir qrup xanım əməkdaşına təşəkkürnamələr və hədiyyələr təqdim olunub.



