“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sumqayıt Dövlət Universitetində (SDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Milli qürurumuzun təntənəsinə çevrilən 44 gün” adlı tədbir keçirilib.

11/11/2026, 11:48
xeber1

Noyabrın 6-da Sumqayıt Dövlət Universitetində (SDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Milli qürurumuzun təntənəsinə çevrilən 44 gün” adlı tədbir keçirilib.


Əvvəlcə universitetin rəhbərliyi və qonaqlar Ulu Öndər Heydər Əliyevin büstü və Şəhidlər abidəsi önünə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad ediblər. 


Fotosərgi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbiri giriş sözü ilə açan SDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Elmar Xəlilov tarixi Zəfərin dövlətçilik tariximizdəki əhəmiyyətindən danışıb, onun gələcək nəsillərə çatdırılmasının və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Birinci Qarabağ müharibəsi iştirakçısı Tərlan Hacı-zadə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin gücləndirilməsinin əhəmiyyətindən danışıb.


ANS Şirkətlər Qrupunun prezidenti, VMF şirkətinin rəhbəri, Qarabağ müharibəsinə həsr olunmuş sənədli filmlərin müəllifi Vahid Mustafayev isə 44 günlük Vətən müharibəsinin Azərbaycanın qəhrəmanlıq salnaməsindəki xüsusi yerini vurğulayaraq milli birlik və həmrəyliyin qorunmasının vacibliyini qeyd edib.


Şəhid anaları – SDU-nun əməkdaşı Tacə Vahabova, şəhid Elnur Səmədovun anası Sənubər Səmədova və şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva çıxışlarında övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan, şəhidlərin xatirəsinin yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən bəhs ediblər. Onlar şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.


Tədbir çərçivəsində VMF şirkəti tərəfindən akademik göstəriciləri ilə fərqlənən SDU tələbələrinə hədiyyələr təqdim olunub.


Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib.


Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının milli iradəsinin, birliyinin və dövlətimizin gücünün təntənəsidir. Şanlı Qələbənin gələcək nəsillərə ötürülməsi, şəhidlərin əziz xatirəsinin yaşadılması və vətənpərvərlik ənənələrinin qorunması mühüm mənəvi vəzifədir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: