“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş elmi-praktik seminar keçirilib

26/02/2026, 11:41
xeber1

24 fevral tarixində Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Tarixi ədalətin bərpası” adlı elmi-praktik seminar keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin ərazisində yerləşən Şəhidlər abidəsi önünə gül dəstələri qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Xocalı faciəsini əks etdirən fotosərgiyə baxış keçirilib.

Seminar universitetin Akt zalında davam edib. Əvvəlcə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq qonaqları və iştirakçıları salamlayıb.

Əminağa Sadıqov çıxışında bildirib ki, Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının ildönümü hər il dərin ehtiramla qeyd olunur və bu faciə Azərbaycan xalqının, eləcə də bütövlükdə bəşəriyyət tarixində ağır iz qoymuş hadisədir. O vurğulayıb ki, beynəlxalq hüquq normalarına və insani dəyərlərə zidd olaraq törədilmiş bu cinayət nəticəsində dinc əhali – qoca, qadın, uşaq demədən, yalnız azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilib və bu, əsl soyqırımıdır.

Əminağa Sadıqov qeyd edib ki, xalqımıza qarşı törədilmiş bu cinayətin unudulmaması, tarixi yaddaşın nəsildən-nəslə ötürülməsi hər birimizin əsas vəzifəsidir. O, uzun illər ərzində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Ə.Sadıqov xüsusilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələnin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun artması fonunda Xocalı həqiqətlərinin daha geniş miqyasda tanıdıldığını bildirib.

Ə.Sadıqov çıxışında “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini də vurğulayıb və bu hərəkatın yaradıcısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib. O, bu təşəbbüs çərçivəsində aparılan araşdırmaların, müxtəlif dillərdə nəşr olunmuş materialların və beynəlxalq miqyasda görülən işlərin Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığı qeyd edilib.

Ə.Sadıqov gənclərə müraciət edərək onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib, tələbələri Xocalı faciəsinin mahiyyətini dərindən öyrənməyə, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmağa çağırıb. O vurğulayıb ki, gənclərin yalnız peşəkar karyera deyil, həm də yüksək vətəndaş mövqeyi, siyasi yetkinlik və vətənpərvərlik nümayiş etdirməsi vacibdir.

Əminağa Sadıqov 44 günlük Vətən müharibəsinin və sonrakı antiterror tədbirlərinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndiyini qeyd edərək, bunu xalqımızın tarixində müstəsna əhəmiyyətə malik hadisə kimi dəyərləndirib. O bildirib ki, bu qələbə dövlətimizin güclü siyasi iradəsi, məqsədyönlü siyasəti, ordu quruculuğu və beynəlxalq müstəvidə aparılan ardıcıl fəaliyyətin nəticəsidir. Ə.Sadıqov çıxışının sonunda gəncləri ayıq-sayıq olmağa, dövlətin sabitliyinin və əldə olunan nailiyyətlərin qorunmasına töhfə verməyə çağırıb.

Daha sonra seminar elmi məruzələrlə davam edib. Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin İdarə Heyətinin üzvü İlahə Absalamova və Filologiya fakültəsinin IV kurs tələbəsi, əslən Xocalıdan olan Murad Hümbətov çıxış edərək Xocalı faciəsinin tarixi-siyasi səbəbləri, nəticələri, beynəlxalq müstəvidə təbliği, həmçinin hadisələrin insan talelərinə və sosial-psixoloji mühitə təsiri barədə ətraflı məlumat veriblər. Çıxışlarda Xocalı soyqırımının beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti və şahid ifadələrinin tarixi yaddaşın formalaşmasındakı rolu xüsusi vurğulanıb.

Sonda Xocalı soyqırımının davamlı olaraq tanıtımı ilə bağlı universitet əməkdaşlarının və tələbələrin vəzifələri müzakirə edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: