Xəbərlər
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş marafon yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin təşkilatçılığı ilə 60 yaşdan yuxarı ittifaq üzvləri və təqaüddə olan təhsil işçiləri arasında marafon yarışı keçirilmişdir.
Marafon yarışı Sumqayıt Bulvarı ərazisində təşkil olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, həmkarlar ittifaqı üzvləri arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi olmuşdur.
Yarışda 60 yaşdan yuxarı olan ittifaq üzvləri və təqaüddə olan təhsil işçiləri böyük həvəslə iştirak etmiş, iştirakçılar kişi və qadın kateqoriyaları üzrə ayrı-ayrılıqda mübarizə aparmışlar. Yarış boyu iştirakçılar yüksək əzmkarlıq, iradə və idman ruhu nümayiş etdirərək marafonu uğurla başa vurmuşlar.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Elşad Novruzov, çıxış edərək yarış iştirakçılarını təbrik etmiş, onların nümayiş etdirdiyi əzmkarlıq və fəallığı yüksək qiymətləndirmişdir. O, bu cür tədbirlərin həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği və birlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini bildirmişdir.
Yarışın sonunda bütün iştirakçılar iştirakçı diplomu ilə təltif olunmuşdur. Eyni zamanda kişi və qadın kateqoriyaları üzrə I, II və III yerləri tutan qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin diplomları, gül buketləri və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.












