Xəbərlər
Şuşa, sən azadsan!

Ağcabədi rayonunun Elxan Məmmədov adına Şənlik kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Rəhimova Əsli Rəhim qızının təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri üçün Ağdam–Xocalı–Xankəndi–Şuşa istiqamətində yaddaqalan tur-gəzinti təşkil olunub.
Turun əsas məqsədi 2020-ci ilin iyul döyüşlərində qəhrəmancasına şəhid olaraq Zəfərə aparan yolun başlanğıcına öz qanı və igidliyi ilə imza atan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anım gününü Qarabağ torpağında ehtiramla qeyd etmək olub.
Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov Vətənə sonsuz sədaqətin, yüksək vətənpərvərliyin və fədakarlığın parlaq nümunəsi kimi xalqımızın yaddaşında əbədi yaşayır. Onun adı bu gün də Vətənə xidmətin, cəsarətin və əsl zabit şərəfinin rəmzi olaraq böyük ehtiramla anılır.
Xankəndi şəhərində məktəbin biologiya müəllimi Qəşəng Həşimova çıxış edərək general-mayor Polad Həşimovun şərəfli həyat və döyüş yolundan, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş oğullarımızın göstərdikləri misilsiz qəhrəmanlıqlardan bəhs edib. Tədbir iştirakçıları şəhidlərimizin və Milli Qəhrəman Polad Həşimovun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tur iştirakçıları Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərində həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri ilə yaxından tanış olub, tarixi və mədəni abidələri ziyarət ediblər. Eyni zamanda, Qarabağın füsunkar təbiəti, doğma yurd yerlərimizin yenidən dirçəlişi və inkişafı iştirakçılarda qürur və sevinc hissi yaradıb.
Bir günlük səfərin sonunda məktəb kollektivi və həmkarlar ittifaqı üzvləri təhsil işçilərinə göstərilən diqqət və qayğıya, onların asudə vaxtının səmərəli təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin minnətdarlıqlarını ifadə ediblər.









