Xəbərlər
TƏBİƏT TARİXİ MUZEYİNDƏ MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ VƏ SAĞLAM HƏYAT TƏRZİNİN TƏBLİĞİNƏ HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

18 oktyabr 2026-cı il tarixində Təbiət Tarixi Muzeyində “18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü” münasibətilə, həmçinin narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbir Təbiət Tarixi Muzeyinin rəhbərliyi – baş direktor, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun və Həmkarlar Komitəsinin üzvlərinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının dövlətçilik tarixindəki mühüm əhəmiyyəti, milli müstəqilliyin qorunmasının vacibliyi və ölkəmizin gələcək inkişafında hər bir vətəndaşın məsuliyyəti barədə danışılıb. Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinin təcəssümü olub. Müstəqilliyimizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi mühüm vəzifələrdəndir.
Maarifləndirici tədbir çərçivəsində narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti və sağlam həyat tərzinin təşviqi məsələlərinə də toxunulub.
Çıxışlarda narkotik vasitələrin istifadəsinin insanın fiziki və psixoloji sağlamlığına, ailə münasibətlərinə və sosial həyatına mənfi təsirləri diqqətə çatdırılıb. Xüsusilə gənclərin zərərli vərdişlərdən qorunmasının, onların maarifləndirilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, düzgün qidalanma, fiziki fəallıq, şəxsi gigiyena qaydalarına riayət edilməsi, psixoloji sağlamlığın qorunması və zərərli vərdişlərdən uzaq durmağın sağlam həyat tərzinin əsas şərtləri olduğu bildirilib. Qeyd edilib ki, narkomaniyaya qarşı mübarizə dövlət qurumları, təhsil və mədəniyyət müəssisələri, həmkarlar ittifaqları, ailələr və bütövlükdə cəmiyyət tərəfindən birgə səylərin göstərilməsini tələb edir.
Tədbirdə Təbiət Tarixi Muzeyinin elmi-maarifləndirici fəaliyyətinin əhəmiyyəti də vurğulanıb. Muzeylərin elmi biliklərin yayılmasında, cəmiyyətin maariflənməsində və ekoloji mədəniyyətin formalaşdırılmasında mühüm rol oynadığı qeyd edilib.
Sonda sağlam həyat tərzinin qorunmasının, zərərli vərdişlərdən uzaq durmağın və gənclərin sağlam, təhlükəsiz gələcəyinin təmin edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Maarifləndirici tədbir müstəqilliyimizin tarixi əhəmiyyətinin təbliğinə, narkomaniyaya qarşı mübarizə sahəsində məlumatlılığın artırılmasına və sağlam həyat dəyərlərinin təşviqinə xidmət edib.



