Xəbərlər
Təhsil işçiləri AĞCABƏDİ TAXIL AQROPARKININ FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR

Ağcabədi şəhəri Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin həmkarlar ittifaqı üzvləri rayon ərazisində fəaliyyət göstərən “Ağcabədi Taxıl Aqroparkı”na maarifləndirici səfər ediblər.
Səfərin məqsədi müəllimləri aqrar sahədə tətbiq olunan müasir texnologiyalar, kənd təsərrüfatının inkişaf istiqamətləri və istehsal prosesi ilə tanış etmək olub.
Aqroparkın nümayəndəsi müəllimlərə təsərrüfatın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 3 min hektar olan aqroparkın 1368 hektarı faktiki əkin sahəsidir. Ərazidə arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və digər kənd təsərrüfatı bitkiləri becərilir. Həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb.
Müəllimlər aqroparkın əkin sahələri, müasir kənd təsərrüfatı texnikaları və istehsal prosesi ilə yaxından tanış olub, pambığın mexanikləşdirilmiş üsulla yığılmasını izləyiblər. Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi əmək məhsuldarlığının yüksəldilməsinə və istehsal prosesinin səmərəliliyinin artırılmasına imkan yaradır.
Görüş zamanı aqroparkın rayon sakinlərinin məşğulluğunun təmin olunmasındakı roluna da diqqət çəkilib.
Maarifləndirici səfər müəllimlərin aqrar sahədəki yeniliklər barədə məlumatlanması, təhsil ilə istehsal arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb. Müəllimlərin əldə etdikləri bilik və təəssüratları şagirdlərlə bölüşməsi, onların kənd təsərrüfatına və müasir istehsal sahələrinə marağının artırılmasına töhfə verə bilər.










