Xəbərlər
Təhsil işçiləri arasında təşkil olunan stolüstü tennis yarışları başa çatıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri rayon komitələri üzrə təhsil işçiləri arasında, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan stolüstü tennis üzrə yarış yekunlaşıb.
ETİHİ-nin Qaradağ, Səbail, Nərimanov, Nəsimi, Nizami, Xətai, Sabunçu, Suraxanı və Xəzər rayon komitələrini təmsil edən komandalar arasında keçirilən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub.
Oyunları 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, baş hakim Qulu Quliyev idarə edib. Komandalar yarış boyu yüksək əzmkarlıq və güclü komanda ruhu nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən, Nizami rayonu birinci, Xətai rayonu ikinci, Qaradağ rayonu isə üçüncü yerə layiq görülüb.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan bu idman tədbiri sağlam həyat tərzinin təbliği və təhsil işçilərinin idmanda fəallığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
Sonda qaliblər təbrik olunub, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulanıb.


















