Xəbərlər
Təhsil işçiləri Qax və Zaqatalaya ekskursiya ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Namiq Paşayev adına Əliyanlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax və Zaqatala rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiya iştirakçıların asudə vaxtının səmərəli təşkili, ölkəmizin zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmaları, eyni zamanda kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı ünsiyyətin gücləndirilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində iştirakçılar Qax və Zaqatala rayonlarının görməli yerlərini ziyarət edib, bölgənin füsunkar təbiəti, tarixi-mədəni abidələri və turizm məkanları ilə tanış olublar. Ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb və onlar təşkil olunan səfərin yüksək səviyyədə keçirilməsinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.
Belə tədbirlər təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə və kollektiv ruhunun daha da möhkəmləndirilməsinə xidmət edir.





