Xəbərlər
Təhsil işçiləri üçün Ağdərə–Suqovuşan istiqamətində maarifləndirici ekskursiya

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayon Şirvanlı kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Ağdərə rayonu və Suqovuşan qəsəbəsinə birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərimizin tarixi, təbiəti və aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Səfər zamanı iştirakçılar Ağdərə rayonu və Suqovuşan qəsəbəsinin görməli məkanlarını ziyarət edib, bölgədə həyata keçirilən yenidənqurma işlərini, füsunkar təbiəti və zəngin turizm potensialını yaxından izləyiblər. Ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb və böyük məmnunluqla qarşılanıb.
Şirvanlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi onlar üçün yaradılan bu mənalı istirahət və tanışlıq imkanına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.




