Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa ekskursiya təşkil olunub

15 iyun 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə Şəmkir rayonu Qasımalılar kənd körpələr evi–uşaq bağçasının və Çənlibel kənd körpələr evi–uşaq bağçasının əməkdaşları üçün Qarabağa birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, eyni zamanda onların Qarabağın zəngin tarixi-mədəni irsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Səfər çərçivəsində iştirakçılar Qarabağın bir sıra görməli məkanlarını ziyarət edərək, regionda aparılan yenidənqurma, abadlıq və infrastruktur layihələri barədə ətraflı məlumat əldə ediblər. Ekskursiya iştirakçılarda böyük maraq doğurub, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə və zəngin təəssüratların formalaşmasına səbəb olub.
Təhsil işçiləri onlar üçün yaradılan bu imkana görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.







