Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 21 iyun 2026-cı il tarixində Şəmkir rayonu Qasımalılar kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.
Səfər proqramına Ağdam, Xankəndi və Şuşa şəhərləri daxil edilib. İştirakçılar azad edilmiş ərazilərdə son illər ərzində həyata keçirilən yenidənqurma, abadlıq və infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Bununla yanaşı, onlar həmin bölgələrin zəngin tarixi keçmişini, milli-mənəvi dəyərlərini və mədəni irsini əks etdirən məkanları ziyarət ediblər.
Ekskursiya zamanı müəllimlər Ağdam şəhərində aparılan quruculuq proseslərini müşahidə edib, Xankəndidə həyata keçirilən inkişaf tədbirləri haqqında ətraflı məlumat əldə ediblər. Şuşada isə şəhərin tarixi simasını özündə yaşadan abidələr, mədəniyyət nümunələri və müasir infrastruktur layihələri ilə tanış olublar.
Təşkil olunan səfərin əsas məqsədi təhsil işçilərinin istirahətinin səmərəli təşkilinə dəstək vermək, onların milli-mənəvi dəyərlərə bağlılığını və vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək, eyni zamanda ölkəmizdə aparılan genişmiqyaslı bərpa işlərini yerində görmələrinə şərait yaratmaq olub.
Səfərdə iştirak edənlər yaradılmış imkanlardan məmnunluqlarını ifadə edərək, belə tədbirlərin təhsil işçilərinin dünyagörüşünün genişlənməsinə və vətənə bağlılıq hisslərinin güclənməsinə mühüm töhfə verdiyini qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.

















