Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 22 avqust 2026-cı il tarixində Şəmkir rayonu Çinarlı qəsəbəsi 2 nömrəli və 4 nömrəli körpələr evi-uşaq bağçalarının kollektivləri üçün Qarabağa birgünlük ekskursiya təşkil olunub.
Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, həmçinin kollektiv üzvlərinin işğaldan azad olunmuş Qarabağımızın tarixi, mədəni irsi və bu ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Ekskursiya iştirakçıları səfər boyunca Qarabağın füsunkar təbiətini və tarixi məkanlarını ziyarət edib, azad edilmiş ərazilərdə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərini yaxından izləyiblər. Bu səfər iştirakçılar üçün həm istirahət, həm də doğma Qarabağın bugünkü inkişafını yerində görmək baxımından olduqca yaddaqalan olub.
Təhsil işçiləri onlar üçün yaradılan bu gözəl imkana görə təşəkkürlərini bildirərək göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Qarabağ – tariximizin, qürurumuzun və Zəfərimizin ünvanıdır!










