Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 20 iyun 2026-cı il tarixində Şəmkir rayonu Sayad Vəliyev adına Çənlibel kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağ bölgəsinə birgünlük ekskursiya təşkil edilib.
Səfər çərçivəsində iştirakçılar Ağdam, Xankəndi və Şuşa şəhərlərində olublar. Ekskursiya zamanı təhsil işçiləri işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa proseslərini yerində izləyərək bölgədə həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat əldə ediblər.
Məktəb kollektivi Ağdam şəhərində inşa olunan yeni yaşayış və sosial obyektlərlə tanış olub, Xankəndidə aparılan abadlıq və inkişaf işlərini müşahidə edib. Şuşa şəhərində isə Azərbaycanın tarixi və mədəni irsinin mühüm nümunələri olan abidələri, görməli məkanları və müasir infrastruktur layihələrini ziyarət ediblər.
Tədbirin əsas məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərmək, onların Qarabağda aparılan quruculuq işləri ilə yaxından tanış olmalarını təmin etmək, eyni zamanda milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək olub.
Səfər iştirakçıları ekskursiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, bu cür maarifləndirici və vətənpərvərlik ruhunu aşılayan tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.









