Xəbərlər
Təhsil işçiləri üçün Qax və Şəkiyə birgünlük ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Etibar Əhmədov adına Mirzəxan kənd tam orta məktəbinin kollektivi üçün Qax və Şəki rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Qax və Şəki rayonlarının zəngin təbiəti, tarixi və mədəni irsi ilə tanış olub, bölgənin görməli məkanlarını ziyarət ediblər. Füsunkar təbiət mənzərələri və maraqlı ekskursiya proqramı iştirakçılarda xoş təəssüratlar yaradıb, kollektivin birgə istirahətinə və ünsiyyətinin güclənməsinə müsbət təsir göstərib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində bu kimi tədbirlərin həyata keçirilməsini davam etdirəcək.





