Xəbərlər
Təhsil işçiləri üçün Qax–Zaqatala istiqamətində ekskursiya təşkil olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Qax rayonu və Zaqatala rayonu istiqamətində bir günlük ekskursiya təşkil olunub.
Ekskursiyada Əsman İsmayılov adına Mirzalıbəyli kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı üzvləri iştirak ediblər. Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin edilməsi, eləcə də ölkəmizin bölgələrinin tarixi, mədəni və təbii gözəllikləri ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Ekskursiya çərçivəsində iştirakçılar Qax və Zaqatala rayonlarının görməli yerlərini ziyarət edib, bölgənin zəngin təbiəti, tarixi abidələri və turizm imkanları ilə tanış olublar. Səfər iştirakçıların böyük marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.
Tədbirin sonunda ekskursiya iştirakçıları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür tədbirlər həmkarlar arasında ünsiyyətin və həmrəyliyin güclənməsinə, kollektiv ruhunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.






