Xəbərlər
Təhsil işçilərinin təltif olunması münasibətilə tədbir keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsində Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrləri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanla təltif olunmuş təhsil işçiləri ilə görüş keçirilib.
Salyan rayonu üzrə təhsil sektorunun inzibati binasında keçirilən görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxış edərək RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan bir qrup müəllimin “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanla təltif olunmasına görə elm və təhsil naziri Emin Əmrullayevə təhsil işçilərinin əməyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib, təltif olunan müəllimləri təbrik edib.
O, bundan sonra da təhsil sahəsində səmərəli fəaliyyəti, yüksək peşəkarlığı və təhsilin inkişafına verdikləri töhfələrlə fərqlənən müəllimlərin əməyinin dövlət səviyyəsində qiymətləndiriləcəyini vurğulayıb.
Görüşdə iştirak edən müəllimlər göstərilən diqqət və qayğıya, əməyinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildirib, bundan sonra da təhsilin inkişafına töhfə vermək üçün səylə çalışacaqlarını qeyd ediblər.






















