Xəbərlər
Təhsil müəssisələrində çalışan müharibə iştirakçıları ilə görüşlər davam edir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirilən “Zəfərin mübarək, Vətən oğlu!” adlı layihə çərçivəsində Ağcabədi rayon Qiyaməddinli kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi, Qarabağ müharibəsi iştirakçısı Məmmədov Mərhəmət Rafiq oğlu ilə görüş keçirilib.
Görüşdə məktəbin həmkarlar ittifaqı üzvlərinə layihənin məqsəd və məramı barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri, şəhid anaları və şəhid övladları ilə görüşlər keçirmək, onların həyat və mübarizə yolunu tanıtmaq, qəhrəmanlıq nümunələrini gənc nəslə aşılamaq, cəmiyyətdə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.
Söhbət zamanı Qarabağ müharibəsi iştirakçısı Məmmədov Mərhəmət Rafiq oğlunun döyüş yolu və göstərdiyi şücaətlər diqqətə çatdırılıb. O, Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlərdən başlayaraq Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncam və əmrləri ilə orden və medallarla təltif olunub.
Bu gün doğma kollektivində fəaliyyətini davam etdirən Mərhəmət Məmmədov məktəbin həmkarlar ittifaqı təşkilatının fəal üzvü kimi ictimai-siyasi tədbirlərdə yaxından iştirak edir, səmimiyyəti və işgüzarlığı ilə kollektivin hörmətini qazanıb.
Məktəbin direktoru Pərviz Quliyev, həmkarlar ittifaqı təşkilatının sədri Bayram Xasayzadə və ittifaqın üzvü Səfər Həsənov çıxış edərək Mərhəmət Məmmədovun döyüş yolu, Vətən qarşısındakı xidmətləri və şəxsi keyfiyyətləri haqqında xoş sözlərini bölüşüblər.
Görüşün sonunda Qarabağ müharibəsi iştirakçısı Mərhəmət Məmmədov 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirilən “Zəfərin mübarək, Vətən oğlu!” layihəsi çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunub.
Hörmətli Mərhəmət Məmmədov ! Sizi Zəfər Günü münasibətilə təbrik edir, göstərdiyiniz qəhrəmanlığa, Vətən qarşısındakı xidmətlərinizə görə təşəkkürümüzü bildiririk.











