Xəbərlər
Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib
25 dekabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondunun (TTKF) 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri təşkil olunub. Tədbirin məqsədi Fondun fəaliyyət dövründə əldə olunan nəticələri, görülən işləri və qarşıda duran hədəfləri ictimaiyyətlə bölüşmək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin, Ulu Öndər Heydər Əliyevin və “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Fondun son 4 il ərzində həyata keçirdiyi fəaliyyətləri, əldə olunan nəticələri və tələbələrə göstərilən dəstəyi əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda, eyni zamanda, bir sıra ali təhsil müəssisələrinin rektorlarının Fondun cəmiyyət üçün əhəmiyyətinə dair fikirləri və təbrik mesajları yer alıb.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Fond əsasən aztəminatlı və sosial həssas təbəqələrdən olan vətəndaşların təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd olunub ki, bu günədək e-ttkf.edu.az portalına 86 000-dən çox müraciət daxil olub, 70 000-dən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib. Kreditlərin 65 faizi standart, 35 faizi isə sosial kreditlərin payına düşür. Kredit alanların 63 faizi qadınlar, 37 faizi kişilərdir. Ümumilikdə təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib.
Bildirilib ki, son 4 ildə Fond tərəfindən ölkə üzrə maarifləndirmə tədbirləri həyata keçirilib, 90 000-ə yaxın tələbə, abituriyent, valideyn və pedaqoji heyət infosessiyalara cəlb olunub. Eyni zamanda, geri ödəniş mərhələsində məzunların məşğulluğunun dəstəklənməsi məqsədilə təlim və təcrübə proqramları icra edilib, 400-ə yaxın məzunun işlə təmin olunmasına dəstək göstərilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Fondun fəaliyyətini yüksək qiymətləndirərək, TTKF-nin təhsilin əlçatanlığının artırılmasında və sosial bərabərliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb və Fondun fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılmasına verdikləri töhfəyə görə media nümayəndələrinə təşəkkür edilib.



