Xəbərlər
TƏHSİLƏ ÖMRÜNÜ HƏSR ETMİŞ MÜƏLLİMLƏR ÜÇÜN GÖRÜŞLƏRƏ START VERİLİB

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 60 yaşını tamamlayan təhsil işçilərinə həsr olunan silsilə tədbirlərə start verilib. Komitənin fəaliyyət dairəsinə daxil olan Mikayıl Müşfiq adına 18 nömrəli və 158 nömrəli tam orta ümumtəhsil məktəblərində görüşlər keçirilib.
Uzun illər təhsil sahəsində çalışan, minlərlə şagirdin formalaşmasında mühüm rol oynamış yubilyar müəllimlərə xüsusi ehtiram göstərilib. Onların pedaqoji fəaliyyəti, fədakarlığı və təhsilin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib. ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli müəllim əməyinin cəmiyyət üçün əvəzsiz olduğunu vurğulayaraq onların fəaliyyətinin daim yüksək dəyərə layiq olduğunu bildirib.
Görüşlər boyu müəllimlər illərin xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda yubilyar müəllimlərə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
Bu cür görüşlər müəllim əməyinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, onların cəmiyyətin inkişafında oynadığı mühüm rolun ictimai şəkildə dəyərləndirilməsinə xidmət edir.



















