Xəbərlər
Tələbə düşərgəsində “Ana dilinin saflığının qorunması” mövzusunda görüş keçirilib

“Təhsil” İstirahət Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkil etdiyi tələbə düşərgəsi çərçivəsində “Ana dilinin saflığının qorunması” mövzusunda Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş şair Baba Vəziroğlu ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ETİHİ Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova tələbə düşərgəsi çərçivəsində təşkil olunan görüşlərin gənclərin dünyagörüşünün, intellektual və mənəvi inkişafının zənginləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, bu cür görüşlərin tələbələrin müxtəlif sahələr üzrə tanınmış ziyalıların fikirlərindən yararlanmasına, onları maraqlandıran məsələləri müzakirə etməsinə imkan yaratdığını bildirib.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu çıxışında Azərbaycan dilinin xalqımızın milli varlığını və mənəvi dəyərlərini yaşadan mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb. B.Vəziroğlu ana dilinin qorunmasının yalnız dilçilik məsələsi olmadığını, eyni zamanda milli kimliyin və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, dilin saflığının qorunması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Gündəlik ünsiyyətdə, sosial mediada, təhsil mühitində və ictimai informasiya məkanında Azərbaycan dilinin imkanlarından düzgün istifadə edilməsi, yad və yersiz sözlər əvəzinə dilimizin zəngin söz ehtiyatına müraciət olunması bu istiqamətdə mühüm addımlardandır.
Görüşdə Azərbaycan dilinin düzgün və səlis işlədilməsi, danışıq və yazı dilində yol verilən nöqsanların qarşısının alınması, xüsusilə gənclər arasında ədəbi dil normalarına riayət olunmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Tələbələrin də fəal iştirak etdiyi görüşdə ana dilinin inkişafı və qorunması ilə bağlı fikirlər səsləndirilib, iştirakçıların sualları cavablandırılıb.











