“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tələbə Həmkarlar Təşkilatına sədr seçilib

13/11/2026, 19:20
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) ittifaq üzvü olan tələbələr arasında ilk həmkarlar təşkilatının sədri vəzifəsinə seçkilər keçirilib.

Tədbirdə ADPK-nın direktoru Amalya Sezgin, ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, qonaq qismində iştirak edən ETİHİ Respublika Komitəsinin İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi Müslüm İsmayılov, kollecin ilk həmkarlar təşkilatının sədri Svetlana Əhmədova, eləcə də təhsil müəssisəsinin pedaqoji heyəti və tələbələri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan kollecin direktoru Amalya Sezgin tələbələrin ictimai fəallığının artırılmasında və onların hüquqlarının müdafiəsində həmkarlar təşkilatının mühüm rol oynadığını vurğulayıb. O, rəhbərlik etdiyi təhsil ocağında gənclərin sosial təşəbbüslərinin hər zaman dəstəkləndiyini bildirərək seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinə uğurlar arzulayıb.

Ardınca çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli tələbə həmkarlar təşkilatının əsas vəzifələrindən, gənclərin sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlərdən bəhs edib. O, yeni seçiləcək sədrin tələbələrlə komitə arasında səmərəli körpü rolunu oynayacağına əminliyini ifadə edib.

Daha sonra qonaq qismində iştirak edən ETİHİ Respublika Komitəsinin aparıcı mütəxəssisi Müslüm İsmayılov və ADPK-nın ilk həmkarlar təşkilatının sədri Svetlana Əhmədova çıxış edərək tələbələrə həmkarlar ittifaqının yaratdığı geniş imkanlar, təqaüd proqramları və sosial layihələr barədə ətraflı məlumat veriblər.

Çıxışlardan sonra tələbələr arasında açıq səsvermə keçirilib. Seçkinin nəticələrinə əsasən, ümumi orta təhsil bazasından (9 illik) bu il kollecə qəbul olan, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının I kurs tələbəsi Elgün Nəsibzadə səs çoxluğu ilə ADPK Tələbə Həmkarlar Təşkilatının sədri seçilib.

Tədbirin sonunda çıxış edən Elgün Nəsibzadə bu yüksək etimada görə həmkarlarına dərin təşəkkürünü bildirib və tələbələrin hüquqlarının müdafiəsi, onların sosial təşəbbüslərinin reallaşdırılması və kollecin ictimai həyatının daha da canlandırılması üçün var gücü ilə çalışacağını vurğulayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi gənc sədr Elgün Nəsibzadəni təbrik edir, ona təhsilində və başladığı məsuliyyətli ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər, tükənməz enerji və uğurlar arzulayır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: