Xəbərlər
Tələbələrimiz “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri sırasında yer alıblar

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Şən və Hazırcavablar Klubu “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri sırasında yer alıb.
Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan festivalda ölkənin 14 ali təhsil müəssisəsindən 22 komanda iştirak edib. Festival çərçivəsində klubun təqdim etdiyi “Yaşıl eynəkli adam” tamaşası tamaşaçılar və münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb. Tamaşa aktual mövzusu, uğurlu səhnə quruluşu, aktyor oyunu və yaradıcı yanaşması ilə seçilərək sertifikatla təltif olunub. Tamaşanın hazırlanması prosesində komanda üzvlərinin birgə fəaliyyəti, səhnə mədəniyyəti və kollektiv əmək prinsipləri xüsusi rol oynayıb.
Eyni zamanda, tamaşada nümayiş etdirdiyi peşəkar və təsirli ifaya görə klub üzvü Məhərrəmli Məhəmmədəli festivalın “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, bu uğur tələbələrin teatr və səhnə sənətinə olan marağının, eləcə də onların yaradıcı potensialının göstəricisi kimi qiymətləndirilir.





