Xəbərlər
Televiziya və Radio Günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Televiziya və Radio Gününün, televiziya və radionun yaranmasının 100 illik yubileyi münasibətilə regionumuzda fəaliyyət göstərən televiziya və radio əməkdaşları ilə görüş keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd televiziya və radio sahəsində çalışan əməkdaşların əməyinə verilən dəyəri ifadə etmək, onların cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, ictimai fikrin formalaşmasında və informasiya mühitinin inkişafında oynadıqları mühüm rolu vurğulamaq olmuşdur.
Görüşdə çıxış edənlər televiziya və radionun yaranma tarixindən, bu sahələrin keçdiyi zəngin inkişaf yolundan, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə qazandığı yeni imkanlardan bəhs etdilər. Qeyd olundu ki, bir əsrlik tarixə malik televiziya və radio bəşəriyyətin informasiya və kommunikasiya həyatında mühüm yer tutaraq insanların dünyagörüşünün formalaşmasına, maarifləndirilməsinə, milli-mədəni irsin təbliğinə və cəmiyyətin məlumatlandırılmasına böyük töhfələr verir.
Xüsusilə vurğulandı ki, televiziya və radio yalnız informasiya ötürən vasitələr deyil, eyni zamanda xalqın səsini, düşüncəsini, tarixini və mədəniyyətini yaşadan, cəmiyyətlə dövlət arasında etibarlı ünsiyyət körpüsü yaradan mühüm ictimai institutlardır. Bu sahədə çalışan jurnalistlərin, müxbirlərin, aparıcıların, operatorların, rejissorların, texniki heyətin və digər mütəxəssislərin fəaliyyəti böyük məsuliyyət, peşəkarlıq və fədakarlıq tələb edir.
Bildirildi ki, regionlarda fəaliyyət göstərən televiziya və radio əməkdaşlarının gördüyü işlər də xüsusi əhəmiyyət daşıyır. Onlar bölgənin sosial-iqtisadi inkişafını, ictimai-siyasi və mədəni həyatını, insanların gündəlik qayğılarını, əldə olunan nailiyyətləri geniş ictimaiyyətə çatdırmaqla regionun tanıdılmasına və təbliğinə mühüm töhfə verirlər. Eyni zamanda, milli-mənəvi dəyərlərin, adət-ənənələrin, Azərbaycan dilinin və mədəniyyətinin yaşadılması istiqamətində onların xidmətləri təqdirəlayiqdir.
Görüş zamanı media nümayəndələrinin cəmiyyət qarşısında daşıdıqları məsuliyyət, obyektiv və qərəzsiz informasiya təqdim etmək, peşə etikası prinsiplərinə riayət etmək, həqiqətin və düzgün məlumatın ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti xüsusi qeyd edildi. Tədbirdə televiziya və radio sahəsində uzun illər çalışan əməkdaşların zəhməti yüksək qiymətləndirilmiş, onların peşə fəaliyyətinin gənc nəslin maariflənməsində, vətənpərvərlik ruhunun yüksəldilməsində və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığı diqqətə çatdırıldı.
Səmimi və mehriban şəraitdə davam edən görüşdə iştirakçılar öz fikir və xatirələrini bölüşmüş, televiziya və radionun inkişaf mərhələləri, bu sahədə qazandıqları təcrübələr və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda regionumuzda informasiya məkanının inkişafına, ictimaiyyətin maarifləndirilməsinə və milli dəyərlərimizin təbliğinə verdikləri töhfələrə görə televiziya və radio əməkdaşlarına təşəkkür ifadə olunmuş, onlara gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulandı. Bu əlamətdar yubiley münasibətilə keçirilən görüş televiziya və radio sahəsində çalışan insanlara göstərilən diqqət və ehtiramın, onların əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir.







