Xəbərlər
Təqaüd yaşına çatmış təhsil işçiləri ilə görüş keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir rayonunun ümumi təhsil müəssisələrində uzun illər fədakarlıqla çalışmış, ömrünü müqəddəs müəllim peşəsinə və təhsilin inkişafına həsr etmiş təhsil işçiləri ilə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, müəllimlik sadəcə peşə deyil, gələcəyi formalaşdıran müqəddəs missiyadır. İllər boyu minlərlə şagirdə elm öyrədən, onlara vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və insanlıq keyfiyyətləri aşılayan müəllimlərimizin zəhməti hər zaman yüksək dəyərləndirilir. Bildirilib ki, onların bilik və təcrübəsi Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayıb və gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Vurğulanıb ki, təqaüd əmək fəaliyyətinin sonu deyil, zəngin həyat və peşə təcrübəsinin yeni bir mərhələsidir. Uzun illər vicdanla, məsuliyyətlə və böyük sevgiylə xidmət göstərən təhsil işçilərinin əməyi dövlətimiz və cəmiyyətimiz tərəfindən daim yüksək qiymətləndirilir.
Sonda təqaüd yaşına çatmış təhsil işçilərinə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təşəkkür edilib, onlara Fəxri Fərman, gül dəstələri və hədiyyələr təqdim olunub, möhkəm cansağlığı, ailə səadəti və ömürlərinin bundan sonrakı dövründə xoş, firavan günlər arzulanıb.
Səmimi söhbət şəraitində keçən görüşdə təqaüd yaşına çatmış müəllimlər və digər təhsil işçiləri öz xatirələrini bölüşərək göstərilən diqqət və qayğıya görə təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
Ömrünü təhsilə həsr edən hər bir müəllim və təhsil işçisinə sonsuz minnətdarlığımızı bildirir, onların əvəzsiz xidmətləri qarşısında dərin ehtiramla baş əyirik. Sizlərin zəhməti gələcəyimizin ən möhkəm təməlidir!




