Xəbərlər
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş STEAM yarışı keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində STEAM istiqaməti üzrə bilik və bacarıqların nümayişinə həsr olunmuş yarış təşkil edilib.
Tədbirin əsas məqsədi tələbələrin innovativ düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi, texniki yaradıcılıq potensialının artırılması və komanda şəklində işləmə bacarıqlarının gücləndirilməsi olub.
Yarış zamanı iştirakçı komandalar müxtəlif texnoloji və yaradıcı layihələr təqdim edərək öz bilik və ideyalarını nümayiş etdiriblər. Müsabiqə gənclərin elmə, texnologiyaya və innovasiyaya marağının artırılmasına xidmət edib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov çıxış edərək 2 Fevral – Azərbaycan Gəncləri Gününün tarixi və ictimai-siyasi əhəmiyyətindən bəhs edib. O, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərin təhsil, məşğulluq və ictimai fəallığının artırılması məqsədilə icra olunan proqramlar, eləcə də uzunmüddətli inkişaf strategiyaları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, gənclər ölkənin gələcək inkişafında mühüm rol oynayır və onların potensialının düzgün istiqamətləndirilməsi prioritet məsələdir.
Tədbir çərçivəsində mərkəzin istehsalat təlim ustası Həsənova Əfruz Məhəmməd qızı 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyə ilə təltif olunub. Uzunillik səmərəli pedaqoji və istehsalat fəaliyyəti, gənc mütəxəssislərin yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlər xüsusi vurğulanıb.
Əfruz müəlliməni 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.
🏆 Yarışın qalibləri Nizami Rayon Həmkarlar Təşkilatının və Mərkəzin Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə mükafatlandırılıb.
Sonda gənclər əldə etdikləri uğurlar münasibətilə təbrik edilib, onlara gələcək təhsil və peşə fəaliyyətlərində davamlı uğurlar arzulanıb.




















