Xəbərlər
İTTİFAQ ÜZVLƏRİNİN iSMAYILLIYA TƏŞKİL OLUNAN İSTİRAHƏT SƏFƏRİ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə 176 nömrəli ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün İsmayıllı rayonuna zövqlü və dolğun bir istirahət səfəri həyata keçirilib. Ən incə detallarına qədər düşünülmüş planlaşdırma, yüksək təşkilatçılıq və göstərilən xüsusi diqqət bu səfəri ittifaq üzvləri üçün əsl mənada mənəvi yenilənmə gününə çevirib.
Səfər müddətində ittifaq üzvləri İsmayıllının valehedici təbiəti, nəfəs kəsən mənzərələri və bölgəyə məxsus mədəni irsin zənginliyi ilə yaxından tanış olublar. Dağların təmiz havası, yaşıl meşələrin ahəngi və təbiətin özünəməxsus sakitliyi kollektivə gündəlik iş gərginliyindən uzaqlaşıb ruhən dincəlmək imkanı yaradıb.
Asudə vaxtın mənalı şəkildə təşkili, kollektiv ruhunun gücləndirilməsi və əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi məqsədinə xidmət edən bu səfər ittifaq üzvlərinin yaddaşında silinməz xatirələrlə iz buraxıb. Yolboyu edilən dayanacaqlar, səmimi söhbətlər, birlikdə keçirilən xoş anlar komanda ab-havasını daha da gücləndirib.
176 nömrəli ümumtəhsil məktəbinin ittifaq üzvləri onlara göstərilən qayğıya, yaradılan ideal şəraitə və yüksək səviyyəli təşkilati dəstəyə görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. Peşəkar yanaşma, düşünülmüş istiqamət seçimi və ittifaq üzvlərinə göstərilən xüsusi münasibət bu gəzintinin yaddaqalan, mənalı və ruhlandırıcı bir gün kimi qiymətləndirilməsinə səbəb olub.






