Xəbərlər
İttifaq üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğuna ekskursiyada iştirak edib.

İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən tur çərçivəsində iştirakçılar İçərişəhərin bir neçə qapalı məkanlarını gəziblər.
Qoşa Qala divarlarından başlayan tur Şirvanşahlar sarayının yeraltı qatı, Bəylər məscidinin minarəsi, Mühəmməd məscidinin qapalı məkandan ibarət bölməsi, Sıratağlı Dini- Memarlıq Kompleksi və Qız Qalası Muzeyi olmaqla geniş marşrutu əhatə edib.
Tur çərçivəsində ittifaq üzvlərini müşayiət edən peşəkar bələdçi Rafael Bədəlov İçərişəhərdə qorunan tarixi abidələrimiz haqqında ətraflı məlumat verib, mədəni irsimizin qorunması və təbliği sahəsində görülən işlərdən danışıb.
Biliyi, dünyagörüşü, məlumatlılığı ilə seçilən müəllimlərimiz turun daha da maraqlı və rəngarəng keçməsi üçün zəmin yaradıblar.
İştirakçılar daha sonra Bakı Miniatür Kitablar muzeyini ziyarət edərək muzeyin təsisçisi Zərifə xanım Salahova ilə maraqlı söhbətlər aparıblar. Onlar Ginnesin Rekordlar Kitabına düşən muzeyin nadir eksponatları ilə tanış olub, belə bir muzeyi yaratdığına görə Zərifə xanıma minnətdarlıq hisslərini bildiriblər.


















