Xəbərlər
İttifaq üzvlərinin yay gəzintiləri davam edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 19 iyul 2026-cı il tarixində Salyan rayonunun ümumtəhsil məktəblərində çalışan Şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan veteran və qazilər üçün ölkəmizin yüksək turizm potensialına malik guşələrindən biri olan Şamaxı rayonuna 1 günlük ekskursiya təşkil edilib.
Bölgənin zəngin təbiəti, göz oxşadıqca uzanan bərəkətli çölləri, əsrarəngiz mənzərəli meşə və dağları səfər iştirakçılarına unudulmaz anlar bəxş edib.
"Cənnət Bağı" istirahət mərkəzində təşkil olunan səhər və günorta yeməyi zamanı yerli aşıqların ifasında səslənən musiqilər hər kəsin zövqünü oxşayaraq, səfəri daha yaddaqalan edib.
Daha sonra iştirakçılar Pirquludakı N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər. Rəsədxananın elmi işçisi Səbahəddin Alışov buranın yaranma tarixi və muzeydə sərgilənən eksponatlar barədə səfər iştirakçılarına ətraflı məlumat verib.
Səfər boyu paylaşılan maraqlı söhbətlər və birlikdə yaşanan səmimi anlar baş tacımız olan Şəhid valideynlərinin və müharibə iştirakçılarının münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olub.
Onlar birlikdə keçirdikləri bu gözəl günün təşkili və göstərdiyi diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və ETİHİ Respublika Komitəsinə öz minnətdarlıqlarını bildiriblər.
İttifaq üzvlərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili, onlar arasında birlik və həmrəylik münasibətlərinin tənzimlənməsi ETİHİ Salyan Rayon Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir.





















