Xəbərlər
Üçrəngli bayrağımız qürur mənbəyimizdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Bərdə Rayon Komitəsinin üzv təşkilatı olan rayonun təhsil müəssisələrində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağının xalqımızın milli qürurunun, müstəqilliyimizin, dövlətçiliyimizin və milli birliyimizin rəmzi olduğu vurğulanıb.
Çıxış edənlər üçrəngli bayrağımızın tarixindən, onun dövlətçilik ənənələrimizdəki mühüm rolundan, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərdən bəhs ediblər.
Tədbirlər çərçivəsində şagirdlər tərəfindən Dövlət Bayrağı Gününə həsr olunmuş şeirlər, ədəbi-bədii kompozisiyalar, təqdimatlar və vətənpərvərlik mövzusunda çıxışlar nümayiş etdirilib. Təhsil işçiləri və şagirdlər üçrəngli bayrağımıza olan sevgi və ehtiramlarını ifadə ediblər.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, dövlət rəmzlərimizə hörmət və ehtiram hissinin gücləndirilməsi, eləcə də vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət Bayrağı Gününə həsr olunan tədbirlər böyük qürur və ruh yüksəkliyi ilə başa çatıb.





