Xəbərlər
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan şahmat turniri

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan respublikanın ümumtəhsil müəssisələrində çalışan işçilər arasında keçirilən şahmat yarışının Ağstafa rayonu üzrə yekun final mərhələsi yüksək səviyyədə təşkil olundu. Tədbir həm Ulu Öndərin zəngin dövlətçilik irsinə ehtiramın ifadəsi, həm də müəllimlər arasında intellektual yarış ruhunun, həmrəyliyin və dostluğun təbliği baxımından əlamətdar oldu.
Yarışın final mərhələsində ETİHİ Ağstafa Rayon Komitəsi , Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri, Heydər Əliyev Mərkəzinin nümayəndələri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təmsilçiləri, rayonun təhsil ictimaiyyəti, müəllimlər və şahmatsevərlər iştirak etdilər. Tədbir ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Bu an tədbir iştirakçıları üçün həm dərin ehtiram, həm də milli birlik duyğularının təcəssümünə çevrildi.
Daha sonra tədbirin rəsmi açılış hissəsində çıxışlar dinlənildi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin təhsilə, gənclərə və intellektual inkişaf sahəsinə verdiyi önəm bu gün də ölkəmizdə uğurla davam etdirilir. O bildirdi ki, müəllimlərin belə yarışlarda fəal iştirakı onların həm peşəkar, həm də mənəvi potensialının göstəricisidir.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının
müavini Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxışında bu cür tədbirlərin rayonun ictimai həyatında mühüm rol oynadığını vurğuladı. O qeyd etdi ki, müəllimlər yalnız təhsil verməklə kifayətlənmir, eyni zamanda cəmiyyətin mənəvi dayağı kimi də nümunə göstərirlər.
Qazax-Tovuz Regional Gənclər və Idman Idarəsinin müdiri Əziz Məsmaliyev yarışın əhəmiyyətindən danışaraq şahmatın insanın düşüncə tərzinin formalaşmasında, səbrin, məntiqin və strateji düşüncənin inkişafında xüsusi rol oynadığını bildirdi. Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova isə çıxışında Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı və bu cür tədbirlərin həmin irsin yaşadılmasına xidmət etdiyini qeyd etdi.
Rəsmi hissədən sonra yarışa start verildi. Ağstafa rayonunun müxtəlif təhsil müəssisələrində çalışan müəllimlər arasında keçirilən final mərhələsi olduqca maraqlı, gərgin və yüksək rəqabət şəraitində keçdi. İştirakçılar şahmat taxtası arxasında yalnız bilik və bacarıqlarını deyil, həm də səbr, iradə və peşəkarlıq nümayiş etdirdilər. Oyunların gedişi iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraqla izlənildi.
Qızğın mübarizə şəraitində keçən yarışın sonunda qaliblər müəyyən olundu. Birinci yerə Əli Əliyev layiq görüldü. İkinci yeri Vəli Abduyev qazandı. Üçüncü yerin sahibi isə Süleyman Namazov oldu. Qaliblərə fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim edildi.
Bununla yanaşı, yarışda fəallığı və bacarığı ilə seçilən beş nəfər iştirakçı həvəsləndirici sertifikatlarla təltif olundu. Bu, həm iştirakçıların motivasiyasının artırılması, həm də gələcək yarışlara marağın daha da gücləndirilməsi baxımından mühüm addım oldu. Tədbirin sonunda bir daha vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan belə yarışlar cəmiyyətdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərin, intellektual inkişafın və həmrəyliyin möhkəmlənməsinə böyük töhfə verir. Ağstafa rayonunda keçirilən bu final yarışı həm təşkilatçılığı, həm də iştirakçıların yüksək fəallığı ilə yadda qalan, mənalı və nümunəvi bir tədbir kimi tarixə düşdü.




































