Xəbərlər
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib.
AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qonaqların iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, professor Akif Qasımov çıxışında Ulu Öndərin dövlətçiliyimizin möhkəmlənməsində və Azərbaycan gəncliyinin inkişafında oynadığı əvəzsiz roldan bəhs edib. O vurğulayıb ki, bu gün də gənclər Heydər Əliyev ideyalarına sadiq qalaraq onun zəngin irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəallıq nümayiş etdirirlər.
Daha sonra universitetin Özfəaliyyət Klubunun istedadlı üzvləri tərəfindən Ulu Öndərin sevdiyi mahnılar ifa olunub, onun həyat və fəaliyyətinə həsr edilmiş şeirlər səsləndirilib. Tələbələrin təqdim etdiyi bədii kompozisiyalar, musiqi nömrələri və poetik çıxışlar auditoriya tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.







