Xəbərlər
“Ulu Öndərin izləri ilə” adlı rəsm müsabiqəsi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Ulu Öndərin izləri ilə” adlı rəsm müsabiqəsi keçirilib.
AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqə universitetin həyətində təşkil olunub.
Tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların milli-mənəvi dəyərlərə bağlılığının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan müsabiqədə universitetin Memarlıq və Dizayn fakültələrinin tələbələri iştirak ediblər. Gənc rəssamlar Ulu Öndərin universitetin həyətində ucaldılmış büstünü müxtəlif üslub və yanaşmalarla təsvir edərək onun zəngin irsini və şəxsiyyətini öz baxış bucaqlarından nümayiş etdiriblər. Təqdim edilən əsərlərdə həm texniki bacarıq, həm də müəlliflərin daxili dünyası və Ümummilli Liderə olan dərin hörməti aydın şəkildə əks olunub.
Daha sonra münsiflər heyəti təqdim olunan bütün işləri diqqətlə nəzərdən keçirərək onların kompozisiya quruluşunu, rəng həllini və mövzuya uyğunluğunu qiymətləndirib. Seçilən ən uğurlu əsərlərin müəllifləri diplom və təşəkkürnamələrlə təltif ediliblər.






