Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev irsi ilə gələcəyə” həftəsinə yekun vurulub

Azərbaycan Memarlıq və İnşaat Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev irsi ilə gələcəyə” həftəsinin yekun tədbiri keçirilib.
Tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili çıxış edərək həftə ərzində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, layihənin əsas məqsədi tələbə gənclər arasında Heydər Əliyev irsinin təbliği, milli-mənəvi dəyərlərin aşılanması, onların intellektual, yaradıcı və sosial inkişafına dəstək göstərmək olub.
Qeyd olunub ki, həftə çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv tələbələri üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub, Xalq rəssamı Ömər Eldarov ilə görüş keçirilib.
Eyni zamanda, Ulu Öndərə həsr olunmuş fakültələrarası intellektual yarış, “Ulu Öndərin izləri ilə” adlı rəsm müsabiqəsi, idman turnirləri, film nümayişi, konsert proqramı və müxtəlif maarifləndirici tədbirlər təşkil edilib. Həftə ərzində universitetin debat, kibertəhlükəsizlik, rəsm, biznes və natiqlik klubları tərəfindən tələbələrin inkişafına yönəlmiş dəyirmi masalar və mentor görüşləri də keçirilib.
Tədbir zamanı həftə ərzində keçirilən bütün layihələri və yaddaqalan anları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra müsabiqələrdə qalib olan, eləcə də tədbirlərin təşkilində fəal iştirak edən könüllü tələbələr diplom və mükafatlarla təltif ediliblər.








