Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan idman yarışlarının püşkatma mərasimi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışlarının püşkatma mərasimi keçirilib.
Bakı şəhərindəki ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında təşkil olunan dama, mini-futbol, stolüstü tennis və basketbol üzrə püşkatma mərasimində yarışların keçirilmə vaxtları və yerləri müəyyənləşdirilib.
Püşkatmanın nəticələrinə görə Mini-futbol üzrə yarışlar “Vətən” idman liseyində, stolüstü tennis yarışları 258 №-li tam orta məktəbdə, basketbol yarışları 20 №-li tam orta məktəbdə, dama üzrə yarışlar isə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının şahmat-dama klubunda keçiriləcək.
Bundan əlavə, 28 aprel tarixində başlayan kişi və qadınlardan ibarət voleybol yarışlarının yarımfinal və final mərhələlərinin 6 və 7 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin idman sarayında keçiriləcəyi də müəyyənləşdirilib.
Yarışların əsas məqsədi ümumtəhsil məktəblərinin müəllimləri və təhsil işçilərinin bədən tərbiyəsi və idmana kütləvi şəkildə cəlb edilməsi, həmkarlar ittifaqı üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmçinin həmkarlar ittifaqı təşkilatlarının kütləvi bədən tərbiyəsi və sağlamlıq sahəsindəki fəaliyyətlərinin gücləndirilməsidir.






