Xəbərlər
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi və Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 10 aprel 2026-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir. Turnirdə Masallı rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak etmişlər.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri , Masallı təhsil sektorunun məsləhətçisi, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru və hakimlər kollegiyasının üzvləri iştirak etmişlər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev çıxış edərək qeyd etmişdir ki, uzun illərdir respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş şahmat yarışları ənənəvi olaraq keçirilir.
Çıxış zamanı vurğulanmışdır ki, yarışların əsas məqsədi müəllim və təhsil işçilərinin bədən tərbiyəsi və idmana kütləvi şəkildə cəlb edilməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmçinin həmkarlar ittifaqı təşkilatlarının sağlamlıq və kütləvi idman sahəsində fəaliyyətinin daha da gücləndirilməsidir.
Yarışın nəticələrinə əsasən, I yeri Yeddioymaq kənd T.Bayraməlibəyov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Cəbiyev Firsənd Mədət oğlu, II yeri Böyük Xocavar kənd B. Məmmədov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Alkişiyev Ruhil Qulamhüseyn oğlu, III yeri isə Şıxlar kənd N. Orucov adına 1 nömrəli ümumi orta ümumtəhsil məktəbinin müəllimi Kazımlı Bəycan Bəybala oğlu tutmuşdur.
Sonda turnirin qalibləri diplom, medal və mükafatlarla təltif olunmuşlar.








