Xəbərlər
UNEC-də 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Uğurun Təntənəsi,Gəncliyin Bayramı” adlı tədbir keçirilmişdir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Uğurun Təntənəsi,Gəncliyin Bayramı” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilovanın açılış nitqi ilə başlamışdır.
Tədbirdə UNEC-in bir sıra tələbə təşkilatlarının gənclər günü münasibətilə hazırladıqları çıxışlar da təqdim olunmuş, gənclərin fəallığı və təşəbbüskarlığı xüsusi vurğulanmışdır.
Tədbir çərçivəsində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə UNEC-də ənənəvi olaraq keçirilən “İlin Ən Yaxşı Tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Bu müsabiqənin əsas məqsədi gənclərin təhsil, elm, ictimai fəaliyyət və şəxsi inkişaf sahələrində əldə etdikləri nailiyyətləri dəyərləndirmək, onların potensialını üzə çıxarmaq və fəal tələbələri stimullaşdırmaqdır.
Belə ki, hər fakültə üzrə 1 nəfər olmaqla, ümumilikdə 13 nəfər tələbə akademik göstəriciləri, təşəbbüskarlığı və universitet həyatında fəallığı ilə seçilərək “İlin Ən Yaxşı Tələbəsi” nominasiyasına layiq görülmüşdür. Təltif olunan gənclər UNEC-də formalaşan sağlam rəqabət mühitinin, məqsədyönlü fəaliyyətin və gənclərə göstərilən etimadın bariz nümunəsi kimi qiymətləndirilmişdir.
Fakültə dekanları tərəfindən namizədliyi irəli sürülən və seçilən tələbələrə UNEC rektoru, professor Ədalət Muradovun adından fəxri fərman, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən isə hədiyyələr təqdim edilmişdir.
Eyni zamanda, universitetin və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sosial-ictimai həyatında fəallığı ilə seçilən, tələbə həmrəyliyinin gücləndirilməsinə töhfə verən gənclər “İlin Ən Fəal Həmkarı” nominasiyası ilə təltif olunmuş, UNEC-in aktiv təşkilat sədrlərinə təşəkkürnamələr təqdim edilmişdir. Bu təltiflər gənclərin liderlik bacarıqlarının, ictimai məsuliyyət hissinin və vətəndaş mövqeyinin təşviq olunmasına xidmət etmişdir.
Tədbir gənclərin enerjisini və yaradıcılıq potensialını əks etdirən əyləncə dolu musiqili-bədii hissə ilə başa çatmışdır.



















