Xəbərlər
UNEC-in 95 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirilib

19 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş “UNEC-in 95 illik inkişaf yolu və gələcək perspektivlər” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdən öncə UNEC kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin məzarı və UNEC Şəhidlər Kompleksi ziyarət olunub. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin UNEC-lə bağlı xatirələrini əks etdirən videoçarx nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov universitetin 95 illik inkişaf yoluna qısa nəzər salaraq, əldə olunan uğurlar və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib. UNEC-in “QS 2026” reytinqində (801–850) yer aldığını vurğulayıb. Konfransda iştirak edən rəsmi şəxslər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Anar İsgəndərov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev yer alıblar. Çıxış edən natiqlər UNEC-in ölkənin iqtisadi və elmi potensialının formalaşmasındakı rolunu yüksək qiymətləndirərək, universitetin milli və beynəlxalq miqyasda qazandığı uğurların əhəmiyyətindən bəhs ediblər. AHİK sədri Sahib Məmmədov çıxışında UNEC məzunu kimi doğma kollektiv qarşısında çıxış etməyin məsuliyyətindən və qürurundan söz açıb, bu təhsil ocağının həyat yolunda buraxdığı dərin izləri vurğulayıb. Konfrans çərçivəsində UNEC-in rektoru professor Ədalət Muradov tərəfindən “UNEC-in 95 illik inkişaf yolu və gələcək perspektivlər” mövzusunda təqdimatla müşayiət olunan videoçarx nümayiş etdirilib. Təqdimatda universitetin elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıqları və müasir təhsil strategiyası haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda konfrans iştirakçılarına və çıxış edən qonaqlara xatirə plaketləri təqdim olunub. Konfrans UNEC tələbələrinin hazırladığı bədii kompozisiya və UNEC Himninin səsləndirilməsi ilə başa çatıb.












