Xəbərlər
Universitetimizdə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
AzMİU rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və əməkdaşların iştirak etdiyi tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, professor Akif Qasımov bayram münasibətilə universitetin qadın əməkdaşları və tələbələrini təbrik edib. O qeyd edib ki, qadınlar cəmiyyətin inkişafında, elmin, təhsilin və mədəniyyətin tərəqqisində mühüm rol oynayırlar.
Prorektor bildirib ki, AzMİU-da çalışan qadın əməkdaşlar, təhsil alan tələbə qızlar universitetin elmi, pedaqoji və ictimai həyatında fəal iştirak edirlər. Onların təhsil sahəsində əldə etdikləri uğurlar, elmi fəaliyyətə verdikləri töhfələr və universitetin inkişafına göstərdikləri dəstək yüksək qiymətləndirildiyini deyən professor qadınların cəmiyyətdəki rolunun hər zaman böyük ehtiramla qarşılandığını qeyd edərək onlara möhkəm cansağlığı, yeni uğur və nailiyyətlər arzulayıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib. AzMİU tələbələrinin bədii özfəaliyyət kollektivinin ifasında müxtəlif musiqi nömrələri, səhnəciklər, rəqslər təqdim olunub.
Konsert proqramında Xalq artisti Gülyanaq Məmmədova da çıxış edərək ifa etdiyi mahnılarla tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Bayram tədbiri iştirakçılar tərəfindən maraqla qarşılanıb.







