Xəbərlər
"Unutmuruq, unutdurmarıq " rubrikası

ETİHİ Nərimanov Rayon Komitəsi "Unutmuruq, unutdurmarıq " rubrikasını davam etdirir...
Bu dəfə rubrikamız çərşivəsində 89 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Abdullayeva Ulduz Ramiz qızının həyat yoldaşı Şəhid Abdullayev Əhməd Hüseynağa oğlu haqqında paylaşım olacaq.
Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub. 1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1992-ci ildə təhsilini davam etdirmək məqsədilə Ankarada hərbi məktəbə daxil olub.
O, 1996-cı ildən etibarən Türkiyənin Ankara Hərbi Akademiyasında (və ya Türkiyə Kara Harp Okulu) ali hərbi təhsilini davam etdirmiş və bu mötəbər hərbi ocağın məzunlarından biri olmuşdur.
Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə) hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.
2009-cu ilin dekabr ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə mayor Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Vətənə əmanət iki övladı qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz sizi unutmuruq, unutdurmarıq!



