Xəbərlər
“Unutmuruq, unutdurmarıq” rubrikası

ETİHİ Nərimanov Rayon Komitəsi “Unutmuruq, unutdurmarıq” rubrikasına davam edir…
Bu dəfə rubrikamız çərçivəsində N. Nərimanov adına 45 nömrəli tam orta məktəbin fizika müəllimi Cəfərova Vüsalə Musa qızının həyat yoldaşı baş leytenant Cəfərov Mətləb Məhəmməd oğlu haqqında paylaşım olacaq.
Mətləb Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Təhsilinə doğma kəndində başlayan Mətləb, 9-cu sinfə qədər Nərimankənd kənd tam orta məktəbində oxumuş, sonra Bakı şəhərindəki liseylərdən birində təhsilini davam etdirərək bitirmişdir. Ali təhsilini isə Kənd Təsərrüfatı İnstitutunda (hazırkı Azərbaycan Dövlət Aqrar Universiteti) almışdır.
Ali məktəbi bitirdikdən sonra "leytenant" rütbəsi ilə hərbi xidmətə başlayan Mətləb Cəfərov, xidmətini ehtiyatda olan zabit kimi "baş leytenant" rütbəsi ilə başa vurmuşdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Vətən müharibəsinə başladıqda, Mətləb Cəfərov 16 oktyabrdan etibarən könüllü olaraq döyüşlərə qoşuldu. Qubadlının azadlığı uğrunda gedən amansız döyüşlərdə igidliklə vuruşdu.
2 noyabr 2020-ci ildə Şuşada “Daşaltı əməliyyatı” zamanı ağır yaralanan Mətləb, 18 gün ərzində koma vəziyyətində həyat-mübarizəsi apardı. Təəssüf ki, 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhadət zirvəsinə ucaldı — Vətən torpağının azadlığı yolunda canından keçdi.
Göstərdiyi qəhrəmanlıq, mərdlik və şəxsi igidliyə görə Mətləb Cəfərov ölümündən sonra bir sıra yüksək dövlət təltifləri ilə mükafatlandırılmışdır:
• Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə — "Vətən uğrunda" medalı
• Prezidentin 24.06.2021-ci il tarixli Sərəncamı ilə — "İgidliyə görə" medalı
• Şuşanın azadlığı uğrunda göstərdiyi şücaətə görə — "Şuşanın azad olunmasına görə" medalı
• Füzulinin azad edilməsindəki xidmətlərinə görə — "Füzulinin azad olunmasına görə" medalı
• Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların şərəflə icrasına görə — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Mətləb Cəfərov kimi qəhrəman oğullarımızın canından keçməsi sayəsində bugün Qubadlı, Füzuli və Şuşa azad, doğma torpaqlarımızdır. Onların qəhrəmanlığı və Vətənə bağlılığı gələcək nəsillərə örnək olaraq qalacaq.
Ruhu şad, məkanı cənnət olsun.
Şəhidlərimizin xatirəsi qarşısında baş əyirik.
Biz sizi unutmadıq,unutdurmarıq…



