“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Unutmuruq.. unutdurmarıq.. rubrikasından

16/09/2026, 10:54
xeber1

Unutmuruq.. unutdurmarıq..

Sentyabr bizim üçün yeni tədris ilinin başlanğıcı olmaqla yanaşı, Vətən uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla xatırladığımız bir aydır.

ETİHİ Nərimanov Rayon Komitəsi olaraq “Unutmuruq, unutdurmarıq” rubrikası çərçivəsində rayon komitəmizin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan üzvlərimizin ailələrindən Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı yad edəcəyik.

Çünki şəhidlərimizin adı yaşadıqca onların qəhrəmanlığı da yaşayacaq.

Rubrikamızın ilk qəhrəmanı 258 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mirzəyeva Səbinə Qorxmaz qızının həyat yoldaşı, antiterror əməliyyatları zamanı şəhid olmuş baş leytenant Mirzəyev Cavid Azər oğlu olacaq.

Baş leytenant Cavid Azər oğlu Mirzəyev

13 noyabr 1994 — 19 sentyabr 2023

1994-cü il noyabrın 13-də Siyəzən rayonunun Gilçay qəsəbəsində dünyaya gələn Cavid Mirzəyevin həyat yolu Xəzərin sahilindən başlayıb Vətən keşiyinə qədər uzandı.

Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbində təhsil alan Cavid daha sonra Bakı Slavyan Universitetində ali təhsil aldı. Qarşısında müxtəlif yollar olsa da, o, hərbi formanı seçdi və həyatını Vətənə xidmətə həsr etdi.

2020-ci il Vətən müharibəsində Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Cavid göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

19 sentyabr 2023-cü ildə Qarabağda başlayan antiterror tədbirləri zamanı Cavid sonadək öz vəzifəsinin başında dayandı və Vətən uğrunda şəhid oldu. Cavid Mirzəyev Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Bu gün onun adı yalnız doğmalarının deyil, onu tanıyan hər kəsin yaddaşındadır. Onun ömrü qısa oldu, amma Vətənə xidmətlə keçən bu ömür yaddaşımızda əbədiyyətə çevrildi.

Cavid, sənin kimi qəhrəmanların adı yaşadıqca qəhrəmanlığın da yaşayacaq.

Biz sizi unutmadıq. Unutdurmarıq. Daha az göstər

Sosial şəbəkələrdə paylaş: