Xəbərlər
“UŞAQ HÜQUQLARI – XOŞBƏXT GƏLƏCƏYİN TƏMƏLİDİR"

“Uşaq hüquqları aylığı” çərçivəsində Ağcabədi Rayon Məhəmməd Əsədov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində “BMT-nin Uşaq Hüquqları Konvensiyası” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda məktəb həmkarlar ittifaqı təşkilatının sədri Afət Fərzəliyeva, Uşaq Birliyi Təşkilatının rəhbəri Aytən Baxışovanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə məktəbin direktoru Fəridə Allahverdiyeva, psixoloq Elnurə Əsədova və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Nubar Nəsirova çıxış ediblər.
Çıxışlarda uşaqların təhsil almaq, istirahət etmək, müdafiə olunmaq və öz fikirlərini sərbəst ifadə etmək hüquqları haqqında ətraflı məlumat verilib. Hər bir uşağın hüquqlarının qorunmasının, şəxsiyyətinə hörmətlə yanaşılmasının və bərabər imkanlarla təmin edilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, uşaqların hüquqlarını tanımaq, onlara hörmətlə yanaşmaq və hüquqlarının qorunmasına dəstək olmaq sağlam, təhlükəsiz və xoşbəxt gələcəyin qurulmasında mühüm rol oynayır.
Sonda şagirdlər tədbirlə bağlı fikir və düşüncələrini bölüşüb, hüquq və vəzifələri haqqında maraqlı mülahizələr səsləndiriblər.







