Xəbərlər
Vətənpərvərlik ruhu ilə seçilən tədbir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin xidmət sahəsinə daxil olan təşkilatlardan 5 nömrəli Körpələr Evi-Uşaq Bağçasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mənəvi dəyəri və vətənpərvərlik ruhu ilə seçilən tədbir keçirildi.
Bağçanın balaca fidanları öz çıxışları, vətənpərvər ruhlu səhnəcikləri və söylədikləri şeirlərlə tədbir iştirakçılarına unudulmaz anlar yaşatdılar. Körpələrin dilindən səslənən Vətənə sevgi, torpağa bağlılıq, qəhrəmanlıq və Zəfər ruhunu tərənnüm edən şeirlər hər kəsin qəlbində xoş duyğular oyadıb. Onların saf və səmimi çıxışlarında böyük bir xalqın qüruru, milli ruhu və gələcəyə olan inamı əks olundu.
Zəfər Günü xalqımızın tarixində yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, sarsılmaz iradənin, Vətən sevgisinin və qəhrəmanlıq salnaməsinin təcəssümüdür. Bu şanlı tarix bizə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini daim uca tutmağı, qazilərimizin qəhrəmanlığını ehtiramla yad etməyi və gələcək nəsillərə bu dəyərləri aşılamağı bir daha xatırladır.
Belə tədbirlərin məktəbəqədər təhsil müəssisələrində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki vətənpərvərlik hissi, Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət hələ kiçik yaşlardan formalaşır. Bu gün körpə fidanların söylədikləri şeirlər, canlandırdıqları səhnəciklər sabah onların qəlbində böyük Vətən sevgisinə, milli qürura və məsuliyyətli vətəndaşlıq mövqeyinə çevriləcək.
Müəllimlərin üzərinə düşən ən müqəddəs vəzifələrdən biri də yetişməkdə olan gənc nəslə Vətəni sevməyi, onun tarixini, qəhrəmanlarını tanımağı, şəhidlərin əziz xatirəsinə hörmətlə yanaşmağı aşılamaqdır. Çünki Vətən sevgisi yalnız sözlə deyil, əməl, mənəvi dəyərlərə sədaqət və milli kimliyə bağlılıqla yaşadılır.
Tədbir bir daha göstərdi ki, Zəfər ruhu nəsildən-nəslə ötürülür, Vətən sevgisi körpə qəlblərdə özünə yer tapır. Bu gün balacaların dilindən səslənən şeirlər, onların qürurla nümayiş etdirdikləri çıxışlar gələcəyimizin necə gözəl, milli ruhlu və Vətəninə bağlı nəsillər tərəfindən formalaşacağına inam yaradır.
Belə mənəvi dəyəri yüksək tədbirlərin təşkilində əməyi olan bağçanın rəhbərliyinə, tərbiyəçi-müəllimlərinə və bütün kollektivə təşəkkürümüzü bildirir, balaca fidanlarımıza sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq.
Zəfərimiz qürurumuz, şəhidlərimiz and yerimiz, Vətənimiz isə ən böyük sevgimizdir!
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Zəfər ruhlu gələcəyimiz!





