Xəbərlər
Veteran müəllimlərimizi unutmayaq!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva şəhid anaları Dursun Cavadova və Rəmziyyə Nadirova ilə birlikdə Şəki təhsilinin inkişafında və gənc nəslin təlim-tərbiyəsində misilsiz xidmətləri olan veteran pedaqoq Almaz Məmmədovanı evində ziyarət ediblər.
Məmmədova Almaz Camal qızı 1949-cu ildə Şəki şəhərində anadan olmuşdur. O, 1968-ci ildən 2018-ci ilədək – 50 il ərzində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Əmək fəaliyyətinə Cəbrayıl rayonunda başlayan Almaz müəllimə, 1993-cü ilin avqust ayında rayonun erməni işğalına məruz qalmasından sonra pedaqoji fəaliyyətini Şəki rayonu Çeşməli kənd tam orta ümumtəhsil məktəbində davam etdirmişdir.
Almaz Məmmədova yalnız peşəkar pedaqoq kimi deyil, eyni zamanda şair-publisist kimi də tanınır. O, “Həsrət dolu ömür” və “Nur çeşməsi” adlı şeir kitablarının, eləcə də respublika mətbuatında dərc olunmuş çoxsaylı ədəbi-publisistik məqalələrin müəllifidir. Zəngin pedaqoji təcrübəsi, ictimai fəallığı və təhsil sahəsində göstərdiyi danılmaz xidmətləri sayəsində Almaz müəllimə həmkarları və yetirmələri arasında böyük hörmət və nüfuz qazanmışdır.
Belə dəyərli ziyalıların həyat yolu və fəaliyyəti gənc nəsil üçün əsl örnəkdir.





