Xəbərlər
Xətai rayonunda yerləşən bir neçə məktəbəqədər təhsil müəssisəsində həmkarlar ittifaqı üzvləri üçün “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüşlər keçirilib

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Xətai rayonunda yerləşən bir neçə məktəbəqədər təhsil müəssisəsində həmkarlar ittifaqı üzvləri üçün “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüşlər keçirilib.
Görüşlərin əsas məqsədi həmkarlar ittifaqı üzvlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həyata keçirdiyi “AHİK Plus” layihəsinin imkanları, istifadə qaydaları və təqdim olunan üstünlüklər barədə məlumatlandırmaq olub.
Təqdimat zamanı iştirakçılara platformanın əsas funksiyaları, qeydiyyat prosesi, sosial tərəfdaş müəssisələrdə təklif olunan endirim və güzəştlərdən yararlanma qaydaları izah edilib. Həmçinin platforma vasitəsilə əldə olunan QR kodun istifadəsi, şəxsi kabinetin təhlükəsizliyi, endirimlərin tətbiq şərtləri və texniki problemlərlə qarşılaşan üzvlərin müraciət edə biləcəyi əlaqə vasitələri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “AHİK Plus” platforması yalnız həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulmuş rəqəmsal tətbiqdir. Layihənin əsas məqsədi üzvlərin sosial rifahının yüksəldilməsinə dəstək olmaq, gündəlik həyatlarında əlavə imkanlar yaratmaq, sosial tərəfdaş müəssisələrin təqdim etdiyi endirimlərdən, bonuslardan və xüsusi güzəştlərdən faydalanmalarına şərait yaratmaqdır.
ETİHİ Xətai Rayon Komitəsi üzvlərin sosial imkanlarının genişləndirilməsi, onların hüquq və üstünlükləri barədə məlumatlılığının artırılması istiqamətində maarifləndirici tədbirləri davam etdirir.








