Xəbərlər
Xocalı soyqırımı anım tədbirləri

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Xırdalan 1 nömrəli məktəbdə anım tədbiri keçirilib. Tədbirdə Fəxrəddin Eyvazov iştirak edərək Xocalı faciəsinin Azərbaycan tarixində buraxdığı dərin izlərdən, xalqımızın yaşadığı ağrılardan və bu günün gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyindən bəhs edib.
Tədbir çərçivəsində çıxış edən müəllimlər və məktəb rəhbərliyi Xocalı soyqırımının dünyanın ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib, erməni silahlı birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat veriblər. Daha sonra şagirdlər tərəfindən hazırlanan səhnəciklər nümayiş olunub. Onlar həmin dövrün hadisələrini canlandıraraq Xocalı sakinlərinin yaşadıqları acıları, qaçış yollarında qarşılaşdıqları çətinlikləri və faciənin dəhşətli mənzərələrini tamaşaçılara emosional şəkildə çatdırıblar. Səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük təsirlə qarşılanıb.
Anım günü münasibətilə Xırdalan 11 nömrəli məktəbdə də Xocalı soyqırımını əks etdirən xüsusi guşə yaradılıb. Guşədə faciənin faktları, şahid ifadələri, foto materiallar və tarixi sənədlər nümayiş etdirilib. Məktəb müəllimləri şagirdlər üçün məlumatlandırma sessiyası təşkil edərək Xocalı hadisələrinin səbəbləri, nəticələri və bu faciənin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Hər iki məktəbdə keçirilən tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə, tariximizin ən ağır səhifələrindən birinin unudulmamasına və gənc nəslin bu faciəni dərindən dərk etməsinə xidmət edib.







